AZƏRBƏRPA

ELMİ-TƏDQİQAT LAYİHƏ İNSTİTUTU

Haqqımızda

Azərbaycanın qədim tarixinin öyrənilməsinin formalaşması və inkişafı rus elminin nümayəndələri - Azərbaycanın, ilk qədim dövr tarixçilərinin müəllimləri ilə sıx əməkdaşlıq şəraitində gedirdi. Akademiklər N.Y.Marr, V.V.Bartold və İ.İ.Meşşaninovun, habelə T.S.Passek, B.A.Latınin, A.A.Miller, B.V.Miller, A.A.İessen, Y.A.Paxomov, V.M.Sısoyev və b.-nın xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Elə bu illərdə elmə milli kadrlar - R.İsmayılov, D.M.Şərifov, A.K.Ələkbərov, İ.İ.Əzimbəyov, İ.M.Cəfərzadə, S.M.Qazıyev və b. gəlir. Azərbaycan tarixi sahəsində tədqiqat işi lap əvvəldən özünün fərqli xüsusiyyətlərinə malik idi. Uzaq keçmiş və ilkin orta əsrlərin yerli yazılı qaynaqlarının demək olar ki, olmaması üzündən bu başlanğıc dövründə Azərbaycanın qədim tarixi sahəsində bütün axtarışlar sırf arxeoloci istiqamət daşıyırdı. Artıq ilk böyük arxeoloci ekspedisiyalar Dağlıq Qarabağ və Naxçıvan zonalarında, Gəncə zolağında, Mil düzündə, Lənkəranda, Yaloylutəpədə, Nuxa qəzası, Qəbələ və b. rayonlarda xeyli gözlənilməz və maraqlı əşyalar aşkara çıxarmış, elm qarşısında hələ tam həll olunmamış bir sıra yeni, mühüm problemlər qoymuşdu.
1927-ci ildə "Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsi" (Azkomstaris) adlandırılmış Arxeologiya Komitəsi təşkil olunur.
Arxeologiya Komitəsinin yaradılması təbii hal idi. Qısa müddət ərzində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti respublikanın arxeoloji-etnoqrafik tədqiqi, onun qədim tarixinin öyrənilməsi üzrə geniş və məqsədyönlü fəaliyyətə başlayaraq, əslində iri elmi mərkəzə çevrilən Azərbaycan Dövlət Muzeyinin "Materialları"nda, Azkomstarisin "Xəbərlər"ində, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin "Xəbərlər"i və "Əsərlər"ində ilk ciddi tədqiqatlar, o cümlədən diyarın qədim tarixi üzrə də xeyli materiallar dərc olundu.
50-ci illərə kimi respublika ərazisində bəzi abidələrdə bərpa-konservasiya işləri aparılsa da bu işlər kompleks şəklində həllini tapmırdı.
Lakin 1952-ci ildə Elmi-Bərpa İstehsalat Emalatxanası (hazırkı “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu) yaradıldıqdan sonra abidələrin bərpasına kompleks şəklində, elmi cəhətdən əsaslandırılmış şəklində başlanılmışdır. Emalatxana ilk ilər Azərbaycan SSR Tikinti Komitəsinin nəzdində fəaliyyət göstərmişdir.
Azərbaycan memarlıq abidələrinin bərpası sahəsindəki sistemli fəaliyyət bu dövrdən başlanmışdır. Emalatxana fəaliyyətinə başlayarkən ilk növbədə bərpa ediləcək abidələri müəyyənləşdirmək lazım gəldi. Elmi–Bərpa Emalatxanasının əsas vəzifəsi Azərbaycan memarlıq abidələrini elmi cəhətdən əsaslandırılmış şəkildə bərpa etmək idi. Bu isə düzgün metodika ilə aparılmış ölçmə, elmi – tədqiqat işləri, arxiv, ədəbiyyat və bərpa işlərindən alınmış düzgün məlumata əsaslanmalıdır. Bu şərtlərə riayət olunmadan abidələrin bərpası ilə əlaqədar heç bir iş görülə bilməzdi.
Bərpa layihələrinin hazırlanması Azərbaycan memarlıq abidələrinin tədqiqinə əsaslanırdı. Bütün bu axtarışlar, elmi-tədqiqat işləri və ölçmə materiallarına əsasən emalatxana tərəfindən abidələrin elmi əsaslandırılmış bərpa layihələri hazırlanır və onlar Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində elmi-metodik şurada müzakirə və təsdiq edilirdi. Beləliklə abidələrdə bərpa işləri ciddi elmi əsaslar üzərində aparılırdı. Həmin illərdə Tamella Bağırzadə, Nikolay Utsın, Valeh Hacıyev, Pərviz Hüseynov, Davud Allahverdiyev və digər memarlar bərpa layihələrinin hazırlanmasında iştirak edirdilər. Tədqiqatçılardan Mikayıl Useynovu, Abdulvahab Salamzadəni, Lev Bretanilskini, Şamil Fətullayevi, Davud Axundovu göstərmək olar.
1958-ci ildə Emalatxana Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tabeçiliyinə verilir. 60-80-ci illərdə Respublikamızda bərpa işləri daha da geniş vüsət aldı. Emalatxananın yaradılması həm bərpaçı mütəxəssislərin yetişməsinə, həm də abidələrin tədqiqinə, təbliğinə böyük kömək göstərmişdir.
Bu müddət ərzində 100-dən çox abidədə tədqiqat, ölçü işləri aparılmış və bərpa layihələri hazırlanmışdır. Bu illərdə respublikamızda yeni bərpaçı mütəxəssislər, memarlar, konstruktorlar, tədqiqatçılar nəsli yetişdi. Gülçöhrə xanım Məmmədova, Cəfər Qiyasi, Avrora Salamov, Rüstəm Muxtarov, Bəşir Sadıqov, Fəxrəddin Miralayev, Leyla Hüseynova, Azər Seyidov, Azər Nəsirli, Azər Süleymanov, Nəbi Musayev, Cahid Qədirli, Əsnayə Şükürova, Ədalət Məmmədov, Mehdi Həsənov və başqaları bu illərdə abidələrin tədqiqində, bərpasında yaxından iştirak etmişlər.
Bakı şəhərində və Abşeron yarımadasında yerləşən tarix-mədəniyyət abidələrinin bərpası və layihələndirilməsi işlərində 1982-ci ildə Bakı şəhər İcraiyyə Komitəsinin nəzdində yaradılmış “Bərpaçı” Elmi-Bərpa İstehsalat İdarəsi mühüm rol oynamışdır. Həmin idarə Bakı-Abşeron zonasındakı memarlıq abidələrinin elmi tədqiqi və bərpası ilə məşğul olmaqla yanaşı, tərkibində fəaliyyət göstərən Elmi Layihə Bürosu vasitəsilə bir çox abidənin layihələndirilməsini həyata keçirmişdir.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra abidələrin qorunması sahəsində yeni mərhələ başladı. Azərbaycan Respublikası Prezidentinin 25.09.1991-ci il tarixli 354 saylı Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət abidələrinin Mühafizəsi və Bərpası Komitəsi yaradıldı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1992-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı Tarix və mədəniyyət abidələrinin bərpası və təmiri tresti Bakı şəhəri İcra Hakimiyyəti aparatının yanındakı Tarix və mədəniyyət abidələrinin bərpası və təmiri üzrə “Bərpaçı” Elmi-İstehsalat İdarəsi maddi-texniki vasitələri və istehsalat bazaları ilə birlikdə Tarix və Mədəniyyət abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə verildi. Bakı şəhər Baş Memarlıq və Şəhərsalma İdarəsi nəzdində Elmi-Layihə Bürosu və Mədəniyyət Nazirliyinin “Azərbərpa” tresti yanında Xüsusi Elmi-Bərpa Layihə Emalatxanası bazasında Tarix və Mədəniyyət abidələrinin Mühafizəsi və Bərpası Komitəsi sistemində Tarix və mədəniyyət abidələrinin bərpası və istifadə edilməsi üzrə “Abidələrin Bərpası Elmi-Tədqiqat Layihə İnstitutu” yaradılmışdır.
2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin 03.02.2000-ci il tarixli 270 saylı Fərmanı ilə Tarix və Mədəniyyət abidələrinin Mühafizəsi və Bərpası Komitəsi ləğv edilmiş və bütün səlahiyyətləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnamə təsdiq edilmişdir. İnstitutut Prezidentin Fərmanı ilə Nazirliyin strukturuna daxil olmuş və əsasnaməsində dəyişiklik edilərək “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu adını almışdır.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən və respublika memarlıq və şəhərsalma abidələrinin elmi-bərpa layihələri hazırlayan yeganə təşkilat olan “Azərbərpa” ETLİ-nin arxivində son 60 ildən çox müddət ərzində tədqiq edilmiş yüzlərlə memarlıq abidəsinin dəqiq ölçü cizgiləri, bərpa layihələri, pasportları, maketləri və fotoları saxlanılır. Qarabağ və işğal olunmuş ərazilərimizdəki memarlıq irsi haqqında da dəqiq informasiyalar və həmin abidələrin ölçü cizgiləri bu arxivdə qorunur. İnstitutda Azərbaycan və İslam Şərqi memarlığını, nəqqaşlığını və xəttatlığını yaxşı bilən mütəxəssislər, respublikanın ən təcrübəli bərpaçı memarları çalışır. Onların hazırladığı layihə-smeta sənədləri əsasında respublikada onlarla abidə bərpa edilib yenidən istifadəyə verilmişdir.
İnstitutun mütəxəssislərinin hazırladığı sənədlər əsasında respublikanın unikal abidələri “İçəri Şəhər” DTMQ ( Qız Qalası,Şirvanşahlar sarayı kompleksi ilə birlikdə) və “Qobustan” Milli tarix-bədii qoruğu YUNESKO-nun Mədəni İrsi Siyahısına salınmışdır.
Gələcəyin bərpaçı memarları da öz təcrübələrini “Azərbərpa” ETLİ-da mütəxəssislərin rəhbərliyi altinda keçirir, təcrübəli bərpaçı memarlar universitetlərdə pedaqoji fəaliyyət göstərirlər. Bir sözlə abidələrin elmi cəhətdən öyrənilməsi və bərpası üçün lazımı baza yaradılmışdır.
Hazırda İnstitututda 30 ildən artıq iş təcrübəsi olan mütəxəssislərlə yanaşı gənc kadrlar da çalışır. Bərpa layihələrinin elmi cəhətdən əsaslandırılmış şəkildə yüksək səviyyədə hazırlanması məqsədilə İnstitututda Elmi-Ekspertiza Şurası fəaliyyət göstərir. Elmi-Ekspertiza Şurasında Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, Arxeologiya və Etnoqrafiya İnstitutlarının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Memarlar İttifaqının, Bakı şəhər İcra Hakimiyyətinin və diğər aidiyyatı təşkilatların nümayəndələri təmsil olunmuşlar.

Müəllif: Telman Kərimli