AZƏRBƏRPA

ELMİ-TƏDQİQAT LAYİHƏ İNSTİTUTU

Salyan şəhərində Cümə məscidinin bərpası

Hər bir sərbəst seksiya özlüyündə koloritli memarlıq kompozisiyasıdır. Onlar ibadət zalında nəinki bədii, həmçinin valehedici həcmi-fəza mühiti yaradır. İbadət zalının ölçüləri 22.6x11.40m-dir. Əsas girişin üstündə, ikinci yarus qadınlar üçün ibadət yeridir. Qərbdən planda dairəvi olan, tamamlanmamış minarəsi mövcuddur. Minarənin bir hissəsi 1930-cu illərdə sökülmüşdür. Məscidin içərisində hamar sütunların, yükdaşıyan çatma tağların, yarımdairəvi gümbəzlərin olması yüksək estetik göstəriciləri olan vahid konstruktiv sistem təşkil edir. Məscidin interyeri əsasən kvadratşəkilli kərpicdən, fasadı isə kərpicdən tikilərək əhəng daşı ilə üzlənmişdir. XIX əsrin sonlarında rekonstruksiya zamanı karnizlərə stalaktik kəməri əlavə olunmuşdur. Bu əlavələr onun fasadına uyğunsuzluq gətirsə də əsas fasadın əhəmiyyətini itirməmişdir. Məscidin planda ölçüləri 26.01x14.06m-dir.

1977-ci ildə Xüsusi Elmi-Bərpa İstehsalat Emalatxanasının (hazırda “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun) memarları tərəfindən məsciddə birinci araşdırma və ölçü işləri aparılmış, bərpa layihəsi hazırlanmışdır. Ölçü işləri və bərpa layihəsi memarlar A.Bağırov və B.Sadıxov və R.Muxtarov tərəfindən yerinə yetirilmişdir. 1978-ci ildə bu layihə əsasında abidədə bərpa işləri aparılmışdır.

Məscidin baş fasadı cənub fasadıdır. Baş fasadın yuxarı hissəsindən stalaktit kəməri keçir. Qalan fasadlarda stalaktit kəmərinin davamı yoxdur. Fasadda yerləşən portalın üstündə sonradan girişə böyük əzəmətlik verən fronton tikilib. Frontonun tikilmə tarixi bilinmir, lakin hörgünün xüsusiyyətinə görə frontonun XX əsrin əvvələrində inşa olunması ehtimal olunur. Portal qapısının üstündə, tağlı tamamlanması olan pəncərə yerləşir. Pəncərənin kobalt medalyonlarla bəzədilmiş dekorativ çərçivələməsi olub. Belə rəngli medalyonla portal tağın zirvəsində də var. Bu günə kimi 8 kobalt içlik saxlanılıb. İtirilmiş şüşələrin yerinə isə sonralar rəngli keramik plitələr salınıb. Pəncərəyə daş şəbəkə qoyulub. Portal tağının üz hissəsində kobalt rəngli şüşələrdən dördkünc parçalarından ibarət dekorativ bəzəyi olmuşdur. Dekorativ bəzəklərin mövcudluğuna mərkəzi Dövlət Kino-foto arxivində olan 1977-ci ilin ölçü cizgilərində və şəkillərində rast gəlmək olar. Girişin hər iki tərəfindən portalın divarlarında dekorativ daş haşiyə mövcuddur. Tağın sağ tərəfində qurandan götürülmüş yazılı iki, sol tərəfində isə bir daş olmuşdur. Ehtimal ki, 1977-ci ilə həmin elementlər itirilmiş, ona görə də onlar ölçü cizgilərində göstərilməmişdir. Hazırda bu elementlərin heç biri yoxdur (şəkil 2).

2003-cü ilin əvvəlində Salyan şəhərində qrunt sularının səviyyəsinin normadan yuxarı qalxması abidənin dağılmasına səbəb oldu. Məscidin bünövrəsi suyun içində qaldı. Nəticədə, şərq aşırımının sonuncu üç günbəzi uçdu, məscid bütövlükdə qəza vəziyyətinə düşdü.

Bununla bağlı 2005-2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun memarları abidədə tədqiqat işləri aparmış və abidənin möhkəmləndirilməsi üçün təkliflər vermişlər. Ancaq bu layihə əsasında bərpa-möhkəmləndirmə işləri aparılmamış və nəticədə daha 2 aşırım-6 günbəz üçmuşdur. Abidə qəza vəziyyətində olduğundan 2010-cu ilin əvvəllərində daha bir aşırım dagılmışdır. 2010-cu ildə abidənin 15 ğünbəzindən 9-u tamamilə uçmuş, bu hissədə olan bütün tağlar və qıyğacılar, sütunlar və döşəmələr tamamilə dağılmışdır. Qalan 6 gümbəz isə qəza vəziyyətinə düşmüşdür. Bu aşırımlarda çoxlu sayda çatlar əmələ gəlmiş, məscidin şimal-qərb küncü əyilmiş, qərb və şimal fasadın qalan divarları vertikal oxdan kənara çıxmışdır. Nəticədə məscidin əhəng daşından olan divarları qabarmış, üzlük əhəng daşı divardan aralanmışdır. Əhəng daşından olan sütunların yalnız 6 ədədi qalmış (bunlarda bərpa işlərinin aparılması vacibdir), qalanlar isə şaquliliyini itirərək qəza vəziyyətinə düşmüşdür. Taxta qapılar, sonralar qoyulmuş şəbəkətipli pəncərələr, kərpic döşəmə tamamilə sıradan çıxmışdır. Abidənin dam örtüyün bir hissəsi dağılmış, qalan hissəsi isə tamamilə yararsız hala düşmüşdür (şəkil 3-7).

Məscidin özünəməxsus memarlığını, əhəmiyyətini nəzərə alaraq, 2009- 2010 cu illərdə məscidin bərpa–gücləndirmə, həmçinin məscid ətrafında drenaj sisteminin qurulması, abadlıq işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması Mədəniyyət və Turizm Nazirliyinin iş qrafikinə salındı. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin sifarişi əsasında “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun arxivindəki sənədlər əsasında “Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən layihə-smeta sənədlərinin hazırlanmasına başlanıldı. Ölçü işləri memarlar Xəlil Xəlilov və İslam Şabanov, bərpa layihəsi isə memar Leyla Hüseynova tərəfindən yerinə yetirilmişdir.

2009-cu ildə abidə ərazisində geoloji araşdırmalar, ölçü işləri aparılmış və abidənin tam bərpası və konstruktiv möhkəmləndirmə layihəsinin hazırlanmasına başlanılmışdır. 2009-cu ilin noyabr ayında aparılan geoloji araşdırmalara görə suyun səviyyəsi 2,2 m səviyyəsində idi. Geoloqların məlumatlarına görə, yaz-yay fəsillərində suyun səviyyəsinin 1,4-1,2 m-ə qədər qalxması müşahidə olunurdu. Mütəxəssislərin rəyinə görə qrunt sularının abidəyə təsirini azaltmaq üçün abidənin ətrafında drenaj xəttinin çəkilməsinin vacibliyi məqsədəuyğun sayılmışdır.

Abidəyə texniki baxış zamanı fasaddakı stalaktit kəmərinin bərpası da məqsədəuyğun sayılmışdır. Baxış zamanı stalaktit kəmərinin deşilərək 3 yerdən yeni navalça qoyulması müəyyən edilmişdir. 70-ci illərin ölçü cizgilərində fasad daşlarının sıra ülgüsünə görə fasada çıxan 6 navalçanın yerləri aydın görünür. Guman olunur ki, damın bir neçə dəfə təmiri nəticəsində səviyyəsi qaldırılmış,ona görə də navalçaları da qaldırmağa ehtiyac olmuşdur. Navalçaların sayı 6-dan 3-ə enib və navalça salınarkan bir neçə stalaktit daşı deşilib (şəkil 8). Fasadda 4 tağlı pəncərə mövcuddur - 2 böyük, 2 kiçik. Pəncərələr şəbəkə tiplidir. Şəbəkə tamamilə yararsız vəziyyətə düşmüşdür. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, pəncərələrdə taxta tipli (sadə taxta doldurmalar) olmuş (bunlar 70-ci illərin cizğilərində qeydə alınıb), həmin illərdə aparılmış bərpa işləri zamanı rəngli şüşələrlə doldurulmuş şəbəkə tipli pəncərələrlə əvəz olunmuşdur.

Layihədə dam örtüyünün sonradan salınan qatlarını təmizləmək, dam örtüyünün səviyyəsini aşağı salmaq və 6 navalçanı onların tarixi səviyyəsində yerləşdirmək, pəncərə və qapıların ilkin formada bərpası da nəzərdə tutulmuşdur.

Qapı və pəncərələr layihəyə uyğun ilkin formada bərpa olunsa da, navalçaların yalnız üçü bərpa olunaraq öz yerində saxlanılmışdır (şəkil 9).

İnteryerdə, mehrabın üstündə, fasada çıxan kiçik pəncərə vardır. Sonuncu bərpa işləri zamanı tağlı pəncərənin qovuşaq daşı dəyişdirilərək yarımdairəvi şəkilə salınmışdır. Arxivdəki şəkillərə və ölçülərə görə o yayılmış tağ ilə tamamlanırdı. Pəncərədəki daş şəbəkə isə 70-ci illərdə qoyulmuş, qəza vəziyyətində olduğundan onun dəyişdirilməyə ehtiyacı vardır (şəkil 10).

Fasadda portalın sağ tərəfində 2 daş kitabə (biri pozulmuşdur), sol tərəfində isə bir daş kitabə (pozulmuşdur), habelə şimal tərəfin girişində, içəridə qapının üstündə daha bir daş kitabə olmuşdur. Minbəri taxtadandır və beşpilləlidir. Mehrabın kənarlarında plyastr kapitellərinin üstündə, həmçinin mehrabın üstündə də ərəbcə kitabələr həkk edilib. Arxiv materiallarından mehrabın ətrafında ornamentlərin və üstündə kitabənin olduğu görünür (şəkil 12).

Mehrabın üstündəki şəbəkə, daşdan olan mehrab və gipsdən olan mehrabın üstündəki kitabə yenidən bərpa olunmuşdur (şəkil 13). Qərb fasadda pəs tağ ilə bitən 2 pəncərə və yarımdairəvi minarə var. Pəncərələr qadın yerləşgəsindən çıxır və daş şəbəkədəndir. Şəbəkənin biri yaxşı vəziyyəttədir, ikincisinin isə bərpası tələb olunur. Şəbəkələr 1970-ci illərdə hazırlanıb və xüsusi tarixi və memarlıq əhəmiyyəti yoxdur. Dam örtüyü səviyyəsində tikilən (yer səviyyəsindən yarıdairəvi, dam örtüyündən isə tam dairəvi), amma tikilişi axıra çatdırılmayan minarə kərpicdəndir. Minarəyə qiriş ibadət zalınnandır. Pillələr kərpicdəndir, pillələnin qurtaracağı dördbucaqlı kəsikli taxta dinişçədən düzəldilib. 1977-ci ilin bərpa işləri prosesində verilmiş layihə əsasında minarənin 1,8 m qədər davamı tikilmişdir (şəkil 14). Yeni layihədə minarənin tammamlanması , şəbəkənin isə bərpası nəzərdə tutulmuşdur. Minarənin bərpa layihəsi analoqların əsasında işlənmiş və bərpa olunmuşdur ( şəkil 15).

Şimal fasadın iki qapı aşırımı var. Sağ qapı qadın yerləşgəsinə və dama aparır, sol qapı isə ibadət zalına açılır. Sol qapıdan kişilər, sağ qapıdan isə qadınlar daxil olurdular. Namazdan sonra insanların axını daha çox olanda onlar ölçücə daha böyük olan portal qapısından çıxırdılar. Şimal fasadda 5 navalça mövcuddur (şəkil16), lakin 1967-ci ilin şəkillərinə görə onlarin sayı 6 dənə olmuşdur. Layihədə 6-cı navalçanın da yerində bərpa edilməsi nəzərdə tutulmuş və layihəyə uyğun olaraq həmin novalçalar bərpa olunmuşdur (şəkil 17).

Məscidin ibadət zalı 12 sütuna söykənmiş 18 günbəzlə örtülmüşdür. İkinci mərtəbədə yerləşən qadın yerləşgəsi sütunların birinci sırası və qərb divarın arasında tikilən mail tağbəndlə örtülüb. XX-ci əsrin 30-cu illərində şəhər küçələrinin genişlənməsi nəticəsində məscidin bir aşırımı sökülmüşdür. O dövrdə məscid təyinatı üzrə istifadə olunmamışdır. 1977-ci ilin bərpa layihəsində dağıdılmış aşırımın bərpa olunması təklif olunmamış, yalnız 60 sm hündürlüyündə divarın tikilməsi nəzərdə tutulmuşdur. Məscid bərpadan sonra da öz təyinatı üzrə istifadə olunmamışdı (şəkil 18). Aşırımın tam bərpası şəhərin mərkəzi yollarından biri olan S.Vurğun küçəsinin intensiv hərəkətinə mane olacağından, yeni layihədə şərq divarının axırıncı sütunların xətti ilə tikilməsi, tağbəndin bərpası, həmin aşırımın isə keçid kimi istifadə olunması nəzərdə tutulmuşdur. Şərq divarı 20x20x5 sm olan kərpicdən tikilmiş, fasad isə əhəng daşı ilə üzlənmişdir. (şəkil 19)

1970-ci illərə qədər tamamilə dağıdılmış dama çıxış bərpa olunsa da həmin işlər işlənmiş layihəyə uyğun yerinə yetirilməmişdir. Nəticədə, dama çıxış məscidin bütün həcminin estetik görünüşünü pozmuşdur. Mövcud layihədə onun tamam sökülüb layihəyə uyğun yenidən yerinə yetirilməsi təklif olunmuş və bu işlər layihəyə uyğun həyata keçirilmişdir ( şəkil 20).

Məscidin ətrafında torpağın tarixi səviyyəsi və döşəmənin səviyyəsi bərpa olunmuşdu. Məscidin ətrafında səviyyə, təxminən, 60 sm küçənin səviyyəsindən aşağıdı. Məscidin döşəməsi əhəng tavaçıqlar ilə örtülüb ( şəkil 21). 1977-ci ildə qazılan şuftlar göstərir ki,tarixi döşəmələr kərpicdən olmuşdur. Abidənin ilkin təyinatı üzrə məscid kimi istifadə olunacağını nəzəzrə alıb, layihəyə uyğun olaraq məscidin döşəməsi ılkin görkəmində bərpa olunmuşdur.

Layihədə məscidin perimetr boyunca binövrəsinin bərkidilməsi nəzərdə tutulmuş və bərpa olunmuşdur (şəkil 23). Məscidin portal tərəfdən olan birinci aşırım sütununda çat vardır. 1970-ci illərin axırında sütunda bərkidilmə işləri aparılmış, onun üstündə dartıcı dəmir xamıt çəkilmişdir. Hazırda xamıt pas atmış və öz möhkəmlik xüsusiyyətlərini itirmişdir ( şəkil 22 ). Bununla əlaqədar layihədə xamutun dəyiştirilməsi nəzəzdə tutulmuşdur. Sütunun kapiteli də sınmış və xamıtla bağlanmışdır. Layihədə təmiz yonulmuş əhəng daşından yeni kapitelin hazırlanması və bitişik tağları qabaqcadan bərkitdikdən sonra kapitelin dəyişdirilməsi təklif olunmuşdur və işlər bu variantda da tamamlanmışdır.

“Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitunun arxivində saxlanan ölçü cizgiləri və digər materiallar əsasında abidənin tam bərpa layihəsini hazırlamaq mümkün olmuş və bunun əsasında da yuxarıda qeyd olunan işlərdən əlavə dıgər bərpa işləri də aparılmışdır.

Məscidin 12 sütunundan 8-i tam dəyişdirilmiş, 4-də isə bərpa-möhkəmləndirmə işləri aparılmışdır. Sütunlar təmiz yonulmuş əhəng daşı bloklarından düzəldilmişdir. Abidədə bütün sütunlar iki daş blokdan və bazadan yığılır (üç hissədən ibarətdir –baza-gövdə-kapitel). Sütunlar düzbucaqlı daş blok formasında olan binövrəyə bərkidilir. Məscidin kapitelləri də əhəng daşından bərpa olunmuşdur. Kapitellər bir-birindən formasına və hündürlüyünə görə seçilir. Kapitellər 3 növdə olmuşdur. İki növ kapitel yerində mövcuddur, üçüncünün isə arxivdə cizgiləri var. Bərpa işləri zamanı iki növ kapiteldən istifadə olunmuşdur (şəkil 23).

Tağbəndlər mövcud tarixi tağbəndlərə uyğun, bişmiş kərpicdən bərpa olunmuşdur. Qıyğacılar tağbəndlərlə paralel tikilmişdir. Tağbəndlər və qıyğacılar tikilib qutarandan sonra, quraşdırılmış şarnir qəlibin üzərində günbəzdər bərpa olunmuşdur. Məscidin günbəzləri demək olar ki, mütanasibdir. Mehrab yerləşən aşırımda 3 mərkəzi günbəz həm formasına, həm də ölçülərinə görə fərqlənir. Mehrab ustü günbəz üstdən trapesvaridir ( şəkil 24). Mərkəzi birinci və ikinci günbəzlərdə dördbucaq oturacaqdan dairəyə keçməsi üç sıra xırda qıyğaclarla yerinə yetirilir. Birinci günbəzin ornamentləşmiş frizi olmuşdu.Ornament suvağın üstündən oyma üsulu ilə aparılmış və hal-hazırda yerində qalmamışdır. Birinci günbəzin cənub tərəfdən kiçik bir pəncərəsi var. 2008-ci ilin noyabr ayında yarıdağıdılmış günbəzdə daş şəbəkəli pəncərənin qalıqları mövcud idi. İkinci günbəzin friz qurşağı olmasa da, qalan günbəzlərdən hündürdür. Üçüncü günbəz məscidin bütün günbəzlərindən seçilir.O, planda düzbucaqlı idi. Günbəz çarpaz tağbənd üsulu ilə örtülür, bir metr hündürlüyündə qırılıb çarpaz tağbəndin başqa həcminə keçir. Azərbaycanda belə üsulla tikilmiş günbəz analoqu yoxdur. Günbəzin altında yan divarlar yolka ornamenti ilə olan kərpiclərdən düzülür.

Tarixi araşdırmalar zamanı üç günbəzin üçündə də zirvədə təxminən 35 sm diametrdə olan deşiklərin olduğu müəyyən olunmuşdur. Bu deşiklərə oniksdan (ağ rəngdə qiymətli daşdır) olan, 70-ci illərin ölçülərinə görə mövcud olan tavacıqlar salınmışdı. Hazırda onlar yoxdur. Layihədə həmin bacaları 2 qat penopen konstruksiyalı süsə ilə bağlamaq təklif olunsa da deşiklər kərpiclə bağlanmışdır, gümbəzlər isə layihəyə uyğun bərpa olunmuşdur. Tağbəndlər arası boşluqlarda abidənin konstruksiyasını yüngülləşdirən kiçik günbəzciklər olmuşdur. Bərpa zamanı 3 və 4 aşırımların arasında olan kiçik günbəzcikləri yerində bərpa edilmişdir.

Qadın yerləşgəsinin tağbəndi sonuncu bərpa işləri zamanı bərpa olunsa da orada atmosfer və sütunların qəza vəziyyətinə düşməsi səbəbindən yenidən bərpa işləri aparılmışdır. Qadın yerləşgəsinin mərtəbəarası örtüyündə zərərçəkmiş tirlər və altqılar dəyişdirilmişdir. Döşəmə və tavan taxtaları yağlı boyadan təmizlənmiş, zərərçəkmişlər dəyişdirilmiş və polumat lakla boyanmışdır.

Dam örtüyünün tarixi hidroizolyasiya funksiyasını torpaq doldurmanın üstündən qoyulmuş gil qatı aparırdı. Hal-hazırda obyektin dam örtüyü öz xüsusiyyətini itirmiş ruberoidlə örtülüb. Layihədə dam örtüyünü sonradan çəkilmiş hidroizolyasiya materiallarından təmizləmək, torpaq qatını açıq konstruksiyalara qədər təmizləmək, günbəzlərin kərpic üzlənməsinin və hidroizolyasiya qatının sökülməsi və ilkin formasına uyğun olaraq bərpa olunması və rəngsiz, müasir izolyasiya qatı ilə örtülməsi nəzərdə tutulmuş və bu işlər icra olunmuşdur. Binanın interyerlərində və fasadlarda olan çatlar inyeksiya olunmuşdur (sulu əhəng məhlulu ilə). Parapetin itirilmiş hissələri bərpa edilmiş, dam örtüyü və günbəzlər hidroizolyasiya olunmuş, günbəzlər 200x65x50 mm ölçüdə olan soyuğa davamlı kərpiclə üzlənmişdir. Məscidin interyeri və fasadında divar və tikişləri sement qalıqlarından təmizlənmiş, tikişlər əhəng məhlulu ilə doldurulmuş, məscidin mehrabı gəc məhlulu ilə suvanmış və mehrab üzərindəki oyma bərpa olunmuşdur.

Ölçü cizgilərində mehrabın üstündə olan mərkəzi günbəzin frizində və tağların içində ornament olduğu görünür. Bu rəsmlərin dəqiq ölçüləri məlum olmadığından onların bərpa olunması məqsədəuyğun olmamışdır.

Layihəyə görə drenaj suyu qəbuledici quyudan abidədən şərqdə yol boyu keçən açıq arxa ötürüləcək. Quyu abidənin ərazisində şimali-qərb küncündə yerləşir.

Son bərpa işləri zamanı abidə ətrafında abadlıq işləri də aparılmışdır

Ədəbiyyatlar:
Azərbaycan Respublikası Mədəniyyət vəTurizm Nazirliyinin
“Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutundakı 2 301 003-0200-001
nömrəli arxiv materialları:
-Bərpa layihəsi (A.Bağırov və B.Sadıxov və R.Muxtarov 1974-cü il)
-Pasport (Şamil Fətullayev 1977-ci il)
-Bərpa layihəsi və izahat yazısı (L.Hüseynova, 2010-cu il)

Müəllif: Telman Kərimli